Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş keçirilib

      Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş təşkil olunub. Gənclərin Vətənə bağlılıq, dövlətçiliyə sədaqət hisslərinin yüksəldilməsi baxımından bu cür tədbirlərin müstəsna əhəmiyyətə malik olduğunu deyərək tədbirin açılışını edən İnstitutun rektoru, dosent Azad Novruzov bildirib ki, 90-cı illərdə müstəqilliyimizin böyük təhlükə ilə üz-üzə qalmağına baxmayaraq ulu öndər Heydər Əliyevin ali xilaskarlıq missiyası ölkəni mürəkkəb vəziyyətdən çıxardı. Ölkəmizdə yeni siyasi era – inkişaf yolunun əsası qoyuldu. Ümumilli lider gənc milli kadrların hazırlanması işinə xüsusi önəm verərək onları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Həmin gənclərin savadlı və istedadlı fərd kimi formalaşması üçün müxtəlif nüfuzlu elm ocaqlarında təhsil almaları, önəmli mövqelərdə dövlətə, xalqa xidmət etmələrinə bilavasitə kömək oldu. Hazırda ölkəmizdə və onun ayrılmaz tərkib hisssəsi Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti uğurla davam etdirilir. Elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrin inkişafı istiqamətində atılan addımlar nəticəsində istedadlı gənc kadrlar formalaşıb. İnstitutumuz da bu cür diqqət və qayğıdan kənarda qalmayıb. Belə ki, maddi-texniki bazası, təhsil mühiti və bir çox meyarlarına görə Naxçıvan Müəllimlər İnstitutu son dövrlər qabaqcıl təhsil ocağı kimi öz mövqeyini daha da gücləndirib. Göstərilən diqqət və qayğı, yaradılan şərait onu deməyə əsas verir ki, gələcək istiqamətlər üzrə işlər uğurla davam etdiriləcək. Gənclər və İdman naziri Ramil Hacı çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Bu siyasi xəttin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Dahi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə aparılan ordu quruculuğu, bu sahədə yetişdirilən təcrübəli zabit heyəti və dövlət başçısı İlham Əliyevin prezidentliyi dövrünün vətənpərvər gəncləri şanlı qələbədə böyük pay sahibi oldular. Nazir qeyd edib ki, muxtar respublikamızda da ümumilli liderin təməlini qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, yüksək səviyyədə təhsil alması, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxış edərək bildirib ki, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 41 faizə yaxını gənclərdən ibarətdir. Dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirən gənc partiya üzvləri ölkənin inkişafı yolunda əzmlə çalışır, onlara bəslənilən ümidləri doğruldaraq müxtəlif sahələrdə uğurlu işlər icra edirlər. Gənclər adından Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, gənc partiya üzvü Bəhriyyə Əhmədova gənclərə yaradılan şərait və karyera istiqamətləri barədə danışıb. Sonra İnstitutun YAP sıralarına yeni qoşulan tələbələrinə üzvlük vəsiqələri və ali təhsil müəssisəsinin ictimai işlərində fərqlənən gənclərə Nazirliyin diplom və qiymətli hədiyyələri təqdim olunub. Tədbir Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin hazırladığı vətənpərvərlik mövzusunda mahnı və şeirlərdən ibarət bədii hissə ilə davam edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021