Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Gələcəyə doğru” layihəsi çərçivəsində gənclərlə görüş təşkil olunub

      Layihə gənclərin asudə vaxtının səmərəli təşkili, onların muxtar respublikada gənclərlə iş sahəsində hayata keçirilən tədbirlər haqqında məlumatlandırılması və mövcud imkanlardan yararlanmaları üçün stimul yaratmaq məqsədi daşıyır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələri və Orta İxtisas Polis Məktəbinin kursantlarının iştirakı ilə keçirilən budəfəki görüş Naxçıvan şəhərindəki Gənclik Mərkəzində reallaşıb. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu deyən gənclər və idman naziri Ramil Hacı fikrinin davamında əsası ulu öndər tərəfindən qoyulan bu siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyinin modern inkişaf nümunəsinə çevrildiyini vurğulayıb. Dövlət gənclər siyasətinin muxtar respublikada uğurla icra olunduğunu diqqətə çatdıran nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu sahədə görülən işlərdən bəhs edib. Bildirilib ki, regionun ictimai-siyasi, iqtisadi və mədəni həyatında gənclərimizin fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Gənclərin istər Naxçıvan, istərsə də digər şəhərlərin ev sahibliyi ilə keçirilən ölkə və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və qazandıqları uğurlarla bağlı fikirlərini bölüşən nazir sonda layihənin yeni istedadların kəşf olunmasına zəmin yaratdığını vurğulayıb və tələbəlik həyatına yeni başlayan gənclərin nazirlik tərəfindən təşkil olunacaq tədbirlərdə fəal iştirak edəcəyinə inandığını deyib. Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva bu sahədə həyata keçirilən işlər barədə məlumat verib. Könüllü gənc olmağın əhəmiyyəti barədə danışan Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Aysun Nağdəliyevaya muxtar respublikada gənclərə yaradılan şəraitə görə minnətdarlığını ifadə edib. Sonra muxtar respublikada həyata keçirilən gənclər siyasəti ilə bağlı Naxçıvan Televiziyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Ardınca muxtar respublikanın ictimai həyatında fərqlənən, həmçinin tədbirlərdə fəal iştirak edən II kurs tələbələri nazirlik tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Tədbir Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət “Nəqşicahan” İnstrumental ansamblının musiqi nömrələri ilə yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021