Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin iştirakı ilə kitab müzakirəsi təşkil olunub

      “Saat Meydanı” turistik istirahət mərkəzində oxunması zəruri olan kitablar siyahısına daxil edilən Hüseyn Cavidin “Azər” poeması və Gi de Mopassanın “Gombul” hekayəsinin müqayisəsi əsasında kitab müzakirəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirə onlayn qeydiyyatdan keçən 15 gənc qatılıb.

Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxışında bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na uyğun olaraq gənclər arasında davamlı müzakirələri təşkil edilir. Məqsəd gənclərin mütaliə vərdişlərinin artırılması, dünya görüşlərinin zənginləşdirilməsi və eyni zamanda onlar arasında əsərlərin təhlili ilə bağlı fikir formalaşdırmaqdan ibarətdir.

Hər iki bədii əsərin məğzi barədə məlumat verən AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu təhlili fikirlərini də diqqətə çatdırıb: – “Mopassan bu əsərlə burjuaziyanın əxlaqsız olduğunu və başqalarına zərər verdiyini göstərmək istəyib. “Azər” poemasına gəlincə, Hüseyn Cavidin Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə ifadə edən mükəmməl sənət əsəridir. Ədibin Qərb və Şərq ölkələrinə səyahətləri yeni tarixi mərhələdə dünya gedişatını öyrənmək, inkişafın ən məqbul yolunu seçmək məqsədini izləyir.

Əsərləri qarşılaşdırarkən və bu əsərlərə “Oxunması zəruri olan kitablar” siyahısında yer almaları prizmasından baxarkən bir məqamı da özlüyümüzdə müəyyən etməli oluruq. Bu əsərləri bizə tövsiyə edənlər Qərbin vətən və vətəndaşlıq anlayışı ilə bərabər Şərqin vətən və vətəndaşlıq anlayışını müqayisə etməyi və nəticə çıxarmağı da tövsiyə edirlər”.

Müzakirələrdə yaxından iştirak edən gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021