Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər şəhid ailələrini ziyarət ediblər

      Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Naxçıvan şəhərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz – baş leytenant Hüseynov Raqib Adil oğlu, Mayor Həsənov Sadiq Əli oğlu və bu gün doğum günü qeyd olunan əsgər Qurbanov Xansu Elsevər oğlunun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. Bildirilib ki, qəhrəman övladların – şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunması məqsədi həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.

İştirakçılara şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Tədbir çərçivəsində şəhid məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, bu tipli görüşlərin təşkili bundan sonra da diqqətdə saxlanılacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
23.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021