Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Hüquq mühafizə orqanlarının əməkdaşları atıcılıq yarışında

      Naxçıvan Muxtar Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları arasında atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi yarış Naxçıvan Atıcılıq Mərkəzində reallaşıb. Yarış iştirakçılar arasında idman və dostluq əlaqələrinin yaradılması, asudə vaxtlarının səmərəli təşkili, istedadlı atıcıların müəyyənləşdirilməsi və stend atıcılığının təbliği məqsədilə keçirilib.

Birinciliyin qaydalarına əsasən hər iştirakçıya atış üçün 10 mərmi verilib. Atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan süni hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizənin sonunda ən sərrast atıcılar müəyyənləşib. Belə ki, Daxili İşlər Nazirliyinin əməkdaşı Elməddin Abdullayev birinciliyin qalibi olub. Dövlət Gömrük Komitəsindən Mahmud Vəliyev ikinci yerə sahib çıxıb. Ali Məhkəmənin təmsilçisi Yunis Əliyev isə üçüncü sırada qərarlaşıb.

Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovla Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev yarışın keçirilmə məqsədlərindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

İlk üçlükdə qərarlaşan idmançılara yarışın xatirə suveniri, diplom və peyntbol mərmiləri təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021