Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan gəncləri Anım Günü ilə əlaqədar yürüş keçiriblər

      Azərbaycanın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində tarixə əbədi həkk olunan, qəlblərimizdə taxt quran qəhrəmanlıqlar göstərdilər. Haqq mübarizəmizdə ədaləti bərpa edərək xalqın 30 illik yurd həsrətinə son qoyan əsgər və zabitlərimiz şanlı zəfər yolunda canından, qanından keçdi. Qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini xalqımız, o cümlədən gənc nəsil dərin ehtiram və qürurla yad edir.

Bu gün Naxçıvan şəhərində 27 Sentyabr – Anım Günü ilə bağlı gənclərin Şəhidlər Xiyabanına yürüşü təşkil olunub. 250 nəfərə yaxın yürüş iştirakçısından ibarət heyət Heydər Əliyev prospektindən hərəkətə başlayaraq II Qarabağ Müharibəsi şəhidlərinin bir qisminin dəfn olunduğu şəhər qəbiristanlığını, ardınca isə Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, iştirakçılar qəhrəmanlarımızı yad edərək məzarları üzərinə tər güllər düzüblər. Yürüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, millət vəkili, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, gənc dövlət qulluqçuları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, fəal gənclər, könüllülər, ümumtəhsil məktəblərinin şagirdləri, YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin üzvləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021